Leandro Andrade “Qarabağ”la yeni müqavilə imzaladı – Rəsmi

Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubu ilə müqaviləsinin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ”la kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-na qədər uzadılıb. Leandro Andradenin Ağdam klubu ilə əvvəlki müqaviləsi 2025-in yayına qədər idi.

Leandro 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. 24 yaşlı futbolçu Ağdam klubunun heyətində 86 oyun keçirib və 22 qola imza atıb. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib. Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/2022, 2022/2023) Azərbaycan çempionu, bir dəfə (2021/2022) ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, son dövrlərdə Andradenin adı müxtəlif klublarla yanaşı çəkilirdi. Onun gah Çindən, gah da Rusiya klublarından sərfəli təkliflər aldığına dair mətbuatda xəbərlər gedirdi. Bu üzdən onun “Qarabağ”la yeni müqavilə bağlaması gözlənilməz olduğu qədər də gözlənilən hesab edilə bilər. Çünki daha öncə də “Qarabağ”ın əcnəbi klublara satdığı futbolçularla bağlı proseslər oxşarlığı ilə diqqət çəkib. Buna ən son misal Kadi Borgesdir. Hansı ki, hazırda o, Rusiyanın “Krasnodar” klubunda çıxış edir. Ağdam klubu onun satışından 5 milyon avro qazandığı bildirilirdi.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığmasında da 6 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: