Levandovski: “Rekordumu qırmaq üçün Keynə vaxt lazımdır”

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski “Bayern” yeni transferi Harri Keynin qolçuluq perspektivlərinə toxunub.

Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, Levandovski bir mövsümdə müəyyən etdiyi 41 qolluq rekordun Harri Keyn tərəfindən təkrarlanıb qırılmasının mümkünlüyünə dair danışıb:

“Mən öz rekordum haqqında düşünəndə, hələ də bunun inanılmaz olduğunu hesab edirəm. Bu, sərsəmlik idi. Harri Keyn əla oyunçudur, amma Bundesliqa da asan çempionat deyil. Düşünürəm ki, ona azacıq vaxt lazımdır, amma hələlik dəqiq demək mümkün deyil.

Mən özüm heç düşünməzdim ki, 40 ildən sonra Gerd Müllerin rekordunu qırmaq mümkün olacaq. Bunu necə etdiyimi bu gün belə, izah edə bilmirəm”, – deyə Levandovski açıqlayıb.

Xatırladaq ki, Bundesliqanın 2020/2021 mövsümündə Robert Levandovski 29 oyunda 41 qol vurub və vurulan qolların sayına görə Gerd Müllerin 40 qolluq rekordunu qıraraq, Bundesliqanın rekordunu müəyyənləşdirib.

Harri Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avrodan çox məbləğ qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Keynin “Bayern”lə müqaviləsi 2027-ci ili iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern”in heyətində 3 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet–portalı 30 yaşlı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: