“Leypsiq” yeni qapıçı transfer etdi

Almaniyanın “Leypsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Norveç yığmasının qapıçısı Oryan Nilandı heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin iyun ayına qədər olan müqavilə imzalanıb.

Oryan Niland son olaraq İngiltərənin “Ridinq” klubunun formasını geyinib. O, bu ilin 1 iyulunda sözügedən klubdan ayrılandan bəri azad agent statusu daşıyırdı.

Niland karyerası ərzində “Bornmut”, “Aston Villa”, “İnqolştadt”, “Molde” və “Hodd” klublarının da formasını geyinib. Təcrübəli qolkiper Norveç yığmasında da 40 oyun keçirib.

Sonda onu da xatırladaq ki, “Leypsiq”in əsas qapıçısı Peter Qulaçi bir neçə gün öncə ağır zədə alıb. Onun ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalması proqnozlaşdırılır. Bu üzdən də Bundesliqa təmsilçisi azad agent statusunda olan yeni qapıçı axtarışına çıxmışdı.