Lind – 63 il sonra avrokuboklarda qol vuran ilk təkqollu futbolçu!

Farer adalarının “Runavik” klubunda çıxış edən yarımmüdafiəçi Marius Lind Konfrans Liqasının 2-ci təsnifat mərhələsində tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, danimarkalı futbolçu Sloveniyanın “Koper” komandasına qarşı keçirdikləri cavab görüşünün 70-ci dəqiqəsində rəqib qapısına qol vurub.

Onun vurduğu bu qol “Runavik”in hesabı 2:0-a çatdırmasına və qarşılaşmanı əlavə vaxta daşımasına imkan verib.

Qeyd edək ki, ilk oyunda “Koper” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

Marius bununla da avrokuboklarda qol vuran cəmi ikinci təkqollu futbolçu kimi tarixə düşüb.

Buna qədər sonuncu belə hadisə 1963-cü ilin sentyabrında qeydə alınmışdı. Həmin vaxt Şimali İrlandiyadan olan hücumçu Cimmi Heytsi İrlandiyanın “Dandolk” klubunun heyətində Çempionlar Kubokunda İsveçrənin “Sürix” komandasına qarşı keçirilən oyunda fərqlənmişdi.

Beləliklə, Lind 63 ildən sonra avrokuboklarda qol vurmuş ilk təkqollu futbolçu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: