Lion “Olimpik”inin fanatlarının 3 aylıq həbsi tələb edildi

2023-cü ilin oktyabrında Marsel “Olimpik”i ilə oyundan əvvəl qanun pozuntusu törətmiş Lion “Olimpik”inin iki azarkeşinin məhkəməsi keçirilib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Lion klubunun iki tərəfdarı, digər pozuntularla yanaşı, nasist salamları və irqçi şüarlar səsləndirdiklərinə görə mühakimə edilib. Vurğulanır ki, prokuror təqsirləndirilən şəxslərə 3 ay həbs və 3 il stadionlara ziyarətə qadağa qoyulmasını istəyib. Amma qərar martın 16-na qədər təxirə salınıb.

Lionlu azarkeşlər tərəfindən tribunalarda baş vermiş bu hadisələr, nəhayət, dekabrın 6-da (2023-cü il) keçirilmiş və Marsel “Olimpik”inin qalib gəldiyi oyunun (3:0) təxirə salınmasına səbəb olmuş rüsvayçılığın yalnız bir hissəsidir. Digər hadisələr hələ araşdırılır. Məhkəmə müvafiq hökmünü zamanı gəlincə verəcək.

Hazırda Marsel prokurorluğu Lion “Olimpik”inin futbolçularının avtobusunun daşqalaq edilməsi və həmin vaxt komandanın baş məşqçisi, italyan mütəxəssis Fabio Qrossonun yaralanması ilə nəticələnmiş daha iki məhkəmə işini önə salıb.

Xatırladaq ki, Lion “Olimpik”i 2023/2024 mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Sözügedən komanda 18 oyuna topladığı 16 xalla 16-cı pillədə qərarlaşıb. Marsel “Olimpik”i isə 28 xalla 7-ci sıradadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: