Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dünya çempionatları tarixində üç final matçında iştirak edən ikinci futbolçu olub.
Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın finalında İspaniya yığmasına qarşı oyuna start heyətində çıxmaqla bu uğura imza atıb.
Messi daha əvvəl 2014-cü ildə Almaniyaya və 2022-ci ildə Fransaya qarşı keçirilən mundial finallarında meydana çıxmışdı.
Bu göstəriciyə qədər yalnız Braziliya millisinin əfsanəvi müdafiəçisi Kafu nail olmuşdu. O, 1994, 1998 və 2002-ci illərdə dünya çempionatlarının final oyunlarında iştirak edib. Kafu bu turnirlərdə iki dəfə – 1994 və 2002-ci illərdə dünya çempionu olub.
Bununla yanaşı, Messi dünya çempionatları tarixində üç finalın hər birində start heyətində meydana çıxan ilk futbolçu kimi də tarixə düşüb. Kafu isə 1994-cü il finalında oyuna sonradan daxil olmuşdu. O, həmin qarşılaşmada zədələnən komanda yoldaşı Jorjinyo ilə əvəzlənərək meydana çıxmışdı.
Lionel Messi 2023-cü ildən ABŞ klubu “İnter Mayami”də çıxış edir. Argentinalı futbolçu Avropada “Barselona” və PSJ formalarını geyinib. O, “Barselona” ilə UEFA Çempionlar Liqasını 4 dəfə, UEFA Super Kubokunu və klublararası dünya çempionatını isə 3 dəfə qazanıb.
Messi 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə mundialın gümüş medalını qazanıb. O, həmçinin 2008-ci ilin Olimpiya çempionu, Amerika Kubokunun isə ikiqat qalibidir (2021, 2024). Argentinalı ulduz 8 dəfə “Qızıl top” mükafatını qazanaraq bu göstəricidə rekordçudur.


