Lionel Messi “Barselona”nın idman direktoru olmaq istəyir

2023-cü ildən “İnter Mayami”də çıxış edən “Barselona”nın sabiq hücumçusu Lionel Messi Kataloniya klubunun idman direktoru olmaq istəyir.

Arena.az məlumat verir ki, bu barədə “El Chiringuito” dərgisi məlumat yayıb.

Amma mənbənin məlumatına görə, Argentina Futbol Assosiasiyası (AFA) görkəmli hücumçuya Argentina yığmasında texniki direktor vəzifəsini təklif etsə, Leo məhz bu vəzifəyə üstünlük verəcək.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında səkkizinci “Qızıl top”a layiq görülüb.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: