Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarının final matçında iştirak edən ən yaşlı meydan oyunçusu kimi rekorda imza atıb.
Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın finalında İspaniya yığmasına qarşı keçirilən görüşə start heyətində çıxıb və bu göstəricidə rekordun sahibi olub.
Bundan əvvəl rekord İsveç millisinin futbolçusu Qunnar Qrenə məxsus idi. O, 1958-ci il dünya çempionatının finalında 37 yaş 241 günlük olarkən meydana ilk dəqiqələrdən çıxmışdı.
Dünya çempionatları finallarının ümumi tarixində isə ən yaşlı futbolçu İtaliya millisinin qapıçısı Dino Zoff hesab olunur. O, 1982-ci ildə Almaniya Federativ Respublikasına (AFR) qarşı keçirilən final oyununda (3:1) 40 yaş 133 günlük olarkən iştirak edib.
Qeyd edək ki, Messi daha əvvəl də 2026-cı il mundialının finalında meydana çıxmaqla dünya çempionatları tarixində üç final oynayan ikinci futbolçu olub. O, bu göstəricidə Braziliya millisinin əfsanəvi müdafiəçisi Kafunun rekordunu təkrarlayıb.
Messi 2023-cü ildən ABŞ klubu “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz Avropada “Barselona” və PSJ komandalarının formasını geyinib. O, “Barselona” ilə UEFA Çempionlar Liqasını 4 dəfə, UEFA Super Kubokunu və klublararası dünya çempionatını isə 3 dəfə qazanıb.
Messi 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə mundialın gümüş medalını qazanıb. O, 2008-ci il Olimpiya çempionu, Amerika Kubokunun isə ikiqat qalibidir (2021, 2024). Argentinalı futbolçu 8 dəfə “Qızıl top” mükafatını qazanaraq bu göstəricidə rekordçudur.


