Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni 2026-cı ilin dekabr ayında vəzifəsini tərk edə biləcəyini açıqlayıb.
Arena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu barədə “Ataque Futbolero” portalına danışıb.
O bildirib ki, hazırkı müqaviləsinin müddətini başa vurduqdan sonra Argentina Futbol Assosiasiyasının rəhbərliyi ilə gələcəyini müzakirə edəcək.
Skaloni deyib:
“Dekabr ayına qədər müqaviləmə uyğun olaraq işimi davam etdirəcəyəm. Daha sonra, əlbəttə ki, federasiya prezidenti ilə danışacağam. Bu, hər bir argentinalının arzuladığı möhtəşəm vəzifədir və mən milli komandanın baş məşqçisi olmaqdan qürur duyuram. Amma dekabrdan sonra hər şey asan olmayacaq. Böyük ehtimalla, gedəcəyəm”.
Lionel Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2022-ci ildə dünya çempionu olub, 2026-cı il mundialında isə finala yüksəlsə də, həlledici görüşdə İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub.
Bundan başqa, Argentina millisi Skaloninin rəhbərliyi ilə iki dəfə Amerika Kubokunu (2021, 2024), bir dəfə isə Finalissima turnirini (2022) qazanıb.
Futbolçu karyerası ərzində Skaloni Argentinanın “Nyuells Old Boyz” və “Estudiantes”, İspaniyanın “Deportivo”, “Rasinq Santander” və “Malyorka”, həmçinin İtaliyanın “Latsio” və “Atalanta” klublarında çıxış edib. O, “Deportivo” ilə İspaniya çempionu, ölkə kubokunun və iki dəfə İspaniya Super Kubokunun qalibi olub.


