Futbol üzrə Fransa millisinin və İspaniyanın “Sevilya” klubunun mərkəz müdafiəçisi Loik Bade bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi bu transfer üçün “Sevilya”ya 25 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Loik Bade peşəkar karyerasına Fransanın “Havr” klubunda başlayıb. “Lans”da da oynamış müdafiəçi 2021-ci ilin iyulundan “Sevilya”ya keçənə qədər “Renn”də çıxış edib. O, 2022-ci ilin sentyabrından dekabrına kimi İngiltərənin “Nottingem Forest” klubunda da icarədə olub.
“Sevilya” Badeni 2023-cü ilin yayında 12 milyon avro müqabilində transfer etmişdi. O, İspaniya klubunun heyətində 93 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Bade 2025-ci ildə debüt etdiyi Fransa yığmasında cəmi 1 oyunda forma geyinib.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.



