Fransanın “Renn” klubunun sağ cinah müdafiəçisi Lorens Assinyon bundan sonra “Börnli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytı istinadən xəbər verir.
Əslən Toqodan olan fransalı futbolçu mövsümün sonuna kimi Premyer Liqa təmsilçisində çıxış edəcək. 23 yaşlı futbolçunun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Lorens Assinyon “Renn”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 64 oyun keçirib, 3 qol və 6 assist müəllifi olub. Müdafiəçi daha öncə “Bastiya”da da icarədə olub.

“Börnli” digər sağ cinah müdafiəçisi Konrad Ceyden İqan-Raylini isə PSV-yə icarəyə verib. Niderland klubu 21 yaşlı ingiltərəli futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. “Mançester Siti”nin yetirməsi olan İqan-Rayli, 2022-ci ildən “Börnli”dədir. Vaxtilə “Mançester Siti”də 3 oyun keçirmiş müdafiəçi “Börnli”də də 6 oyuna çıxıb. O, daha öncə “Hibernian”da da icarədə olub, İrlandiyanın və İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.
Daha bir sağ cinah müdafiəçisi – Konnor Roberts “Lids”ə keçib. Uelsdən olan 28 yaşlı futbolçu Premyer Liqa klubunda 88 oyun keçirib, 6 qol və 8 assistlə yadda qalıb. O, “Suonsi Siti”, “Yovil Taun”, “Bristol Rovers”, “Midlsbro” kimi klubların da formasını geyinib, Uels yığmasında 53 oyuna 3 qol vurub.
“Börnli”nin sağ cinah müdafiəçisi Anass Zaruri “Hall Siti”yə keçib. O da bu mövsümün sonuna kimi icarədə olacaq. 23 yaşlı futbolçu 4 milyon avro qarşılığında keçdiyi “Börnli”də 48 oyuna 10 qol vurub, 9 assist edib. “Lommel” və “Şarlerua”da da oynamış Zaruri, Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının formasını geyinib. 2022-ci ildən isə o, Mərakeş yığmasına dəvət alır. O, bu milli komandada 4 oyuna çıxıb.
“Börnli” hücumçusu Maykl Obafemini də “Milluol”a icarəyə verib. 23 yaşlı irlandiyalı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. “Sauthempton” və “Suonsi Siti”də də oynamı Obafemi 2023-cü ildən formasını geyindiyi “Börnli”də 16 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib. O, İrlandiya yığmasında da 11 oyuna 2 qol vurub.


