Lotar Matteus Almaniya futbolunun iki istedadından söhbət açdı

Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Bayern”dən Camal Musiala və “Bayer”dən Florian Virtsin 2024-cü ildəki çıxışını şərh edib.

Arena.az xəbər verir ki, o, Almaniya yığmasının hücumameylli yarımmüdafiəçiləri barədə bunları söyləyib:

“Əsrin iki istedadı! Əvvəllər insanlar Lionel Messi üçün stadiona gedirdilərsə, bu gün azarkeşlər Camal Musiala və Florian Virts üçün arenaya gedirlər”, deyə Matteus məmnunluqla bildirib.

Lotar Matteus Dortmund “Borussiya”sının 2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlməsi ilə bağlı fikrini də paylaşıb:

“Beynəlxalq səviyyədə Almaniyadan “Bayern” yalnız deyil. Dortmund “Borussiya”sı Münhen “Bayern”inin olmaq istədiyi yerə gəldi. Madrid “Atletiko”su və PSJ ilə “Uembli”yə gedən yol heç də asan deyildi. Bununla belə, xüsusilə ev oyunlarında bunu parlaq surətdə mənimsədilər. Bu, UEFA Çempionlar Liqasının finalına layiqli vəsiqə idi”, deyə Matteus bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün finalında Dortmund “Borussiya”sı “Real”a 0:2 hesabı ilə məğlub olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: