Almaniya yığmasının əfsanəsi Lotar Matteus “Bayern”in alman qapıçısı Manuel Noyerin çıxışı haqda fikrini bildirib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, keçmiş alman futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən Manueli incitmək istəmirəm, amma indi o, komandanın əvvəlki kimi əsas dayağı deyil. İndi Noyer – Noyer deyil. Onun oyunu dəyişib. Bir vaxtlar o, hər bir vəziyyəti qabaqcadan görərdi, 360 dərəcə baxış bucağı vardı, hücumları isə ötürmə ilə başlada bilirdi. İndi o, müdafiənin heç bir təhlükəsizliyini təmin edə bilmir”, deyə Lotar Matteus vurğulayıb.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 10 oyuna çıxıb, 12 qol buraxıb, 4 oyunda qapısının toxunulmazlığını təmin edib. Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 531 oyun, 439 buraxılmış qol və 248 “quru” oyundan ibarətdir.
Manuel Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


