İngiltərənin “Aston Villa” klubunun qapıçısı Lovre Kaliniç karyerasını Xorvatiyada davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə “Aston Villa”nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə 31 yaşlı futbolçunun qarşıdakı mövsümün sonuna qədər “Hayduk”a icarəyə verildiyi diqqətə çatdırılıb. Split təmsilçisinin rəsmi saytı da bu keçidi rəsmən açıqlayıb. Kaliniçin 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Kaliniç, 2018-ci ildən “Aston Villa”da çıxış edirdi. Lakin o, bu komandada əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkib. Premyer Liqa klubunda cəmi 8 rəsmi matça çıxan futbolçu, geridə qalan mövsümün ilk yarısını Fransanın “Tuluza” klubunda, ikinci dövrəni isə məhz “Hayduk”da icarədə keçirmişdi.
“Hayduk” klubunun yetirməsi olan Lovre Kaliniç Xorvatiya yığmasında 19 oyun keçirib. 2009-2016-cı illər aralığında Split təmsilçisində 134 matça çıxıb. Geridə qalan mövsümdə isə o, doğma komandasının formasında daha 22 oyun keçirib.


