Futbol üzrə Slovakiya milli komandasının mərkəz müdafiəçisi Lübomir Şatka Türkiyənin “Samsunspor” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Super Liqanın yeni iştirakçısı rəsmi saytı vasitəsilə məlumat yayıb.
Polşanın “Lex” (Poznan) klubundan transfer edilmiş 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Dubnitsa”nın yetirməsi olan Lübomir Şatka 2012-ci ildə İngiltərənin “Nyukasl” klubuna transfer olunsa da, burada əsas komandaya düşə bilməyib. Bu üzdən də o, “York Siti” və “Dunayska Streda” klublarında icarədə oynamaq məcburiyyətində qalıb. 2017-ci ildə “Dunayska Streda” onu birdəfəlik transfer edib. 2019-cu ildə bu klubdan ayrılan müdafiəçi o vaxtdan “Lex”də çıxış edirdi. Slovak futbolçu Polşa klubunda 113 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Müdafiəçi Slovakiya yığmasında da 32 oyun keçirib.
Xatırladaq ki, “Samsunspor” daha öncə “Qalatasaray”dan ayrılan qapıçı Okan Koçuku da heyətinə qatmışdı.


