İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti “Napoli”nin istefaya göndərilməsi gözlənilən fransız baş məşqçisi Rudi Qarsiyadan danışıb.
Arena.az bu barədə jurnalist-insayder Alfredo Pedullaya istinadən məlumat verir:
“Qarsiyaya münasibətdə keçmişlə bağlı müqayisə aparmağı və qarşı qoymağı düzgün hesab etmirəm. Hər məşqçinin öz fikirləri və tarixçəsi var. Onun işi bütövlükdə qiymətləndirilməlidir: kim olduğuna görə, nəyisə yaratmaq və təkmilləşdirmək cəhdləri üçün.
Qarsiyaya böyük hörmətim var. Hörmətli və səviyyəli olduğunu göstərdi. Gözəl bir hekayənin bir hissəsi olan yaxın keçmişlə müqayisələr aparmaq əvvəldən səhv idi, çünki bunlar gözəl duyğular idi”, deyə Luçano Spalletti həmkarını müdafiə edib.
Xatırladaq ki, ötən mövsüm Luçano Spallettinin rəhbərliyi altında “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya A Seriyasının çempionu olub.
Daha əvvəl məlumat yayılmışdı ki, “Napoli”nin prezidenti Aurelio De Laurentiis A Seriyasında “Empoli”yə məğlubiyyəti (0:1) əsas gətirərək, Rudi Qarsiya ilə yollarını ayırmaq istəyir.
Rudi Qarsiya “Napoli”yə cari ilin iyulunda dəvət alıb. Klub rəhbərliyi fransız mütəxəssisin istefa vermiş Luçano Spallettinin qalib ənənələrini davam etdirəcəyinə böyük ümidlər bəsləyirdi. Tərəflər arasında müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.
Cari mövsümdə Qarsiya “Napoli”ni 16 oyuna çıxarıb, 8 qələbə qazandırıb, 4 dəfə heç-heçəyə nail olub və 4 məğlubiyyət acısı dadıb. Komandanın top fərqi isə 30:18 nisbətindədir.
Hazırda “Napoli” İtaliya A Seriyasında 12 turdan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider “İnter”dən 10 xal geri qalır. Vurğulayaq ki, “Napoli” cari çempion statusundadır. Çempionlar Liqasında isə “Napoli” qrup mərhələsinin 4 turundan sonra 7 xal toplayıb və qrupda 2-ci pillədədir.


