Luis Enrike Canluici Donnarummanın zədəsindən danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin italyan əsas qapıçısı Canluici Donnarummanın cari səhhəti haqda açıqlama verib.

Arena.az xatırladır ki, italyan qapıçı Fransa Liqa 1-in “Monako” ilə 16-cı tur səfər oyunu (4:2) zamanı sifətindən zədə alıb və qapıçının üzünə 10 tikiş qoyulub.

“O, qaydasındadır, yaxşıdır, ağrıları yoxdur. Bu, baxılması ağır olan bir zədədir, amma ciddi nəticələr vermədən keçdi. Çox bəxti gətirib ki, zərbə onun göz nahiyəsinə dəyməyib. Bu anı canlı yayımda hamımız gördük, bu barədə şərh verməyə ehtiyac yoxdur”, deyə Luis Enrike bildirib.

Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 16 oyuna çıxıb, 15 qol buraxıb, 5 oyundan “quru” qurtulub.

Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 130 oyun, 128 buraxılmış qol və 44 “quru” oyundan ibarətdir.

Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığmasının heyətində 70 oyun keçirib, 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: