PSJ-nin baş məşqçisi Luis Enrike italyan mərkəz yarımmüdafiəçisi Marko Verrattiyə ona ümid bəsləmədiyini deyib.
Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Luis Enrike şəxsən özü Verrattiyə “heç vaxt komandamda oynamayacaqsan” deyib.
Daha əvvəl Verrattinin Qətərin “Əl-Ərəbi” klubuna keçməyə yaxın olduğu bildirilirdi. Qətər klubunun PSJ ilə prinsipial razılığa gəldiyi və italyan yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazır olduğu haqda məlumat verilir.
Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Verratti ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. İtalyan yarımmüdafiəçinin PSJ-nin heyətində ümumi statistikası isə belədir: 416 oyun, 11 qol, 61 məhsuldar ötürmə.
Xatırladaq ki, Verratti Paris klubunun transferə çıxardığı oyunçular siyahısında yer alıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.


