Luis Enrike PSJ ilə qazandığı ilk qənimətindən danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike “Tuluza” ilə oyunda (2:0) Fransa Super Kubokunu qazandıqdan sonra təəssüratlarını paylaşıb.

Arena.az xatırladır ki, bu qənimət ispan mütəxəssisi PSJ-nin sükanı arxasında qazandığı ilk kubokdur.

“Kuboklar qazanmaq həmişə çətindir. Belə oyunlarda digərlərindən bir az fərqli hazırlaşmaq, mümkün qədər təsirli olmaq vacibdir.
Mən razıyam və indi biz irəliləmək və yeni kuboklar qazanmağa çalışmaq haqqında düşünürük.

Yüz faiz razı deyiləm, daha yaxşı oynaya bilərik. “Tuluza” ikinci hissədə yaxşı idi”, – “Fottmercato” dərgisi Luis Enrikedən sitat gətirir.

Luis Enrike PSJ-ni ötən ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

53 yaşlı çalışdırıcı buna qədər “Roma”, “Selta”, “Barselona” və həmçinin İspaniya yığmasını çalışdırıb. Enrike klub futbolda bütün qənimətləri qazanıb və buna “Barselona” ilə nail olub. Luis Enrike Kataloniya nəhəngi ilə İspaniya La Liqasının ikiqat (2014/2015, 2015/2016), İspaniya Kral Kubokunun üçqat (2014/2015, 2015/2016, 2016/2017), İspaniya Super Kubokunun (2016/2017), Çempionlar Liqasının (2014/2015), UEFA Super Kubokunun (2015/2016), FIFA Klub Dünya Kubokunun (2015/2016) qalibi olub. İspan mütəxəssis 2014/2015 mövsümü üçün dünyanın ən yaxşı klub məşqçisi seçilib.

Hazırda, Luis Enrikenin çalışdırıcılığı altında PSJ Fransa Liqa 1-in 17 turundan sonra 40 xalla turnir cədvəlinin vahid lideridir. Parislilər Fransa Kubokunda və Çempionlar Liqasında da mübarizəni davam etdirirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: