Cari ilin sentyabrında “Əl-Nəsr”in baş məşqçisi vəzifəsindən qovulmuş Luis Kastro portuqal hücumçu Kristiano Ronaldo haqda danışıb.
Arena.az “Record” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Kristianonun ən yaxşı olmaq əzmi var və olacaq. Onu hər gün məşqdə görürsən. O, oynamaq, rekordlar qırmaq, ən gözəl qollar vurmaq arzusundadır. Etdiyi hər xüsusda qərarlı olmağa davam edir. Futbolun ona demək olar ki, hər şeyi verdiyini bilir və onu çox sevir”, deyə Kastro vurğulayıb.
63 yaşlı Luis Kastro 2023-cü ilin iyul ayından 2024-cü ilin sentyabrına qədər “Əl-Nəsr”i çalışdırıb. Portuqal mütəxəssisin rəhbərliyi altında “Nəcd cəngavərləri” 54 oyun keçiriblər, 36 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət yaşayıblar. Topların fərqi isə 148:75 nisbətindədir. Luis Kastro “Əl-Nəsr”lə qənimətlər qazanmaqda zorlanıb və istefaya göndərilməsinin əsas səbəbi də bu amil olub.
1998-ci ildə başladığı məşqçilik karyerası ərzində Luis Kastro “Aqeda”, “Mealyada”, “Eştarreja”, “Sanjuanense”, “Penafiel”, “Portu” (həmçinin “Portu”nun “B” komandası), “Riu Ave”, “Şaveş”, “Vitoriya” (Gimaraynş), “Şaxtyor” (Donetsk), “Əl-Duhail” (Qətər) və “Botafoqo”nu çalışdırıb. Bunca uzun və zəngin məşqçilik karyerası ərzində Luis Kastro “Eştarreja” ilə Portuqaliya 3-cü Divizionunu (2002/2003), “Portu”nun “B” komandası ilə Poruqaliya Sequnda Liqasını (2015/2016), “Şaxtyor”la Ukrayna Premyer Liqasını (2019/2020), “Əl-Duhail”lə Qətər Əmirinin Kubokunu (2022), “Botafoqo” ilə Rio Camını (2023), “Əl-Nəsr”lə Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Fərdi mükafatlara gəlincə, 2023-cü ildə Luis Kastro Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 2023-cü ilin sentyabr ayında ayın məşqçisi mükafatı ilə təltif edilib.


