Luis Muriel Avropanı MLS-ə dəyişdi

Kolumbiyalı mərkəz hücumçusu Luis Muriel tamhüquqlu müqavilə əsasında “Atalanta”dan MLS klubu “Orlando”ya qoşulub.

Arena.az bu barədə “Orlando”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “Orlando”ya 1 milyon avro məbləğində başa gəlib. MLS təmsilçisi kolumbiyalı futbolçu ilə müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Muriel Kolumbiyanın “Junior” klubunda futbola qədəm qoyub. Ardınca o, “Deportivo Kali”nin futbol akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Muriel buradan Avropaya – “Udineze”yə yollanıb. Kolumbiyalı hücumçu karyerası ərzində “Qranada”, “Leççe”, “Sampdoriya”, “Seviya”, “Fiorentina” və “Atalanta”da çıxış edib.

Cari mövsümdə Muriel “Atalanta”nın heyətində 25 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bunca klublarda oynamasına rəğmən, Muriel futbolda heç bir qənimət qazanmayıb.

Luis Muriel 2012-ci ilin iyununda debüt etdiyi Kolumbiya yığmasının heyətində 45 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı kolumbiyalı mərkəz hücumçusunun transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: