Luis Suares rəsmən “İnter Mayami”də!

Uruqvaylı mərkəz hücumçusu Luis Suares Amerika Birləşmiş Ştatlarnın “İnter Mayami” klubu ilə rəsmi müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“İnter Mayami”nin bəyanatında bunlar qeyd olunub: “Biz dünya səviyyəli hücumçu Luis Suaresi klubumuzda salamlamaqdan məmnunuq. Luis amansız rəqibdir, onun qələbəyə can atması oyunçularımızdan istədiyimizi təcəssüm etdirir. Azarkeşlərimizə söz vermişdik ki, Amerika qitəsinin ən yüksək mərtəbələrində rəqabət apara biləcək bir heyət qurmaq üçün dünyanın ən yaxşı oyunçularını izləyəcəyik”.

Suaresin keçmiş klubu “Qremio” ilə müaviləsi cari ilin dekabr ayının sonunda başa çatacaq və bundan sonra uruqvaylı hücumçunun “İnter Mayami” ilə müqaviləsi rəsmən qüvvəyə minəcək. Müqavilə 1 illik müddətə bağlanıb və daha 1 mövsüm uzadılması haqda maddəni ehtiva edir. Təcrübəli hücumçunun yeni komandasında 9 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Luis Suares bir müddət öncə Braziliya A Seriyasının 2022/2023-cü il mövsümünün ən yaxşı hücumçusu və oyunçusu seçilib. Uruqvaylı hücumçu “Qremio”ya 2023-cü ilin qışında azad agent qismində Uruqvay “Nasyonal”ından keçmişdi. Geridə qalmış mövsümdə Suares “Qremio”nun heyətində 53 oyuna 26 qol vurub, 17 məhsualdar ötürmə verib.

Suares hazırda kapitanı olduğu, 2007-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 138 oyuna çıxıb, 68 qol vurub, 39 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 36 yaşlı veteran mərkəz hücumçusu Luis Suaresi 4 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “İnter Mayami”nin heyətində Luis Suaresin “Barselona”dan olan keçmiş komanda yoldaşları – argentinalı ulduz hücumçu Lionel Messi, ispan müdafiəçi Jordi Alba və ispan yarımmüdafiəçi Serxio Buskets çıxış edirlər.

Vurğulayaq ki, daha əvvəl Suares sümük ağrılarından şikayətçi olduğunu da bildirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: