Luka Yoviç “Fiorentina”da!

Futbol üzrə Serbiya milli komandasının hücumçusu Luka Yoviç İspaniyanın “Real” klubundan ayrılıb. Arena.az xəbər verir ki, Madrid klubu onu İtaliyanın “Fiorentina” klubuna satıb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 24 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Madrid klubu futbolçunun sonrakı satışından təqribən 50 faizini alacaq. “Real” 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək.

Xatırladaq ki, Luka Yoviç 2019-cu ilin yayında Almaniyanın “Ayntraxt” (Frankfurt) klubundan 63 milyon avroya “Real”a transfer olunmuşdu. Lakin bu komandada ümidləri doğrultmayan futbolçu 2020/21 mövsümündə yenidən “Ayntraxt” tərəfindən icarəyə götürülmüşdü. O, geridə qalan mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 19 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Hücumçu bu komandada bütövlükdə 51 oyuna çıxıb və 3 qol vurub.

Serbiya millisində 26 oyunda 9 qola imza atmış futbolçu, karyerası ərzində “Srvena Zvezda” və “Benfika” klublarının da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: