Futbol üzrə İsveç milli komandasının və “Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvall İngiltərə klubu ilə yeni müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, London klubu 20 yaşlı futbolçu ilə yeni sözləşmənin müddətini açıqlamayıb.
Berqvall yeni müqaviləni şərh edərkən “Tottenhem”in uzunmüddətli layihəsinə inandığını bildirib:
“Düşünürəm ki, burada möhtəşəm bir şey yaradırıq. Klub üçün həyəcanverici zamandır və buna görə müqaviləmi uzatdığım üçün xoşbəxtəm. Həm meydanda, həm də ondan kənarda mümkün qədər çox şeyə nail olmağa, özümün ən yaxşı versiyam olmağa çalışıram və bunun üçün doğru yerin bura olduğunu bilirəm. Məqsədim komandaya daha çox fayda vermək, yaxşı oynamaq, qollar vurmaq və məhsuldar ötürmələr etməklə maksimum kömək göstərməkdir. Məşqlərdə hər gün daha da yaxşılaşıram və həqiqətən yaxşı mövsüm keçirməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Lukas Berqvall 2024-cü ilin yayında İsveçin “Yurqorden” klubundan “Tottenhem”ə keçib. Gənc yarımmüdafiəçi ötən mövsüm London klubunun əsas heyətində möhkəmlənərək bütün turnirlərdə 33 matç keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı hazırda Berqvallın bazar dəyərini 35 milyon avro qiymətləndirir.


