Lukas Leyva karyerasını başa vurdu – Ürəyindəki problemə görə

Futbol üzrə Braziliya milli komandasının və “Qremio”nun yarımmüdafiəçisi Lukas Leyva karyerasını başa vurub. Arena.az xəbər verir ki, 36 yaşında futboldan getməyə qərar verən təcrübəli futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Leyvanın belə addım atmasına ürəyindəki problemlər səbəb göstərilir. Belə ki, yarımmüdafiəçiyə artıq futbol oynamaq qadağan edilib. Bu üzdən də o, karyerasını başa vurmaq məcburiyyətində qalıb.

Lukas Leyva peşəkar karyerasına məhz “Qremio” klubunda başlayıb. O, 2008-ci ildə 10 milyon avro qarşılığında İngiltərənin “Liverpul” klubuna transfer olunub. Premyer Liqa nəhəngi onu 2017-ci ilin yayında İtaliyanın “Latsio” klubuna 5.7 milyon avroya satmışdı. 2022-ci ilin yayında isə Leyva A Seriyası təmsilçisindən ayrılaraq ona doğma olan “Qremio”ya qayıtmışdı.

“Liverpul”da 346 oyun keçirən Leyva, 7 qol vurub və 21 məhsuldar ötürmə müəllifi olub. Onun “Latsio” karyerası isə 198 matçdan və 4 qol, 12 məhsuldar ötürmədən ibarətdir. Yarımmüdafiəçi “Qremio”da da 39 oyuna 5 qol vurub. Təcrübəli oyunçu 2007-2013-cü illər aralığında dəvət olunduğu Braziliya yığmasında 24 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: