Braziliyanın “Botafoqo” klubunun qapıçısı Lukas Perri və mərkəz müdafiəçisi Adrielson Lion “Olimpik”inə keçiblər.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 nəhəngi hər iki futbolçu ilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalandığını açıqlayıb. Fransızlar Perrinin transferi üçün “Botafoqo”ya 3,25 milyon, Adrielsonun keçidinə görə isə 3,58 milyon avro ödəyiblər.
Maraqlıdır ki, hər iki futbolçu 2022-ci ilin yayından “Botafoqo”da çıxış edirdi. İndi onlar eyni vaxtda bu klubdan ayrılaraq Lion “Olimpik”inin sıralarına qoşulublar.
26 yaşlı Perri “Botafoqo”da 67 oyun keçirib, 58 qola imza atıb, 31 “quru” matçla yadda qalıb. 25 yaşlı Adrielson isə Braziliya klubunun heyətində meydana çıxdığı 75 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Adrielson daha öncə “Sport Resife” və “Əl-Vasl” kimi klubların da formasını geyinib. Müdafiəçi vaxtilə Braziliyanın U-17 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Lukas Perri isə “Botafoqo”dan əvvəl “Nautiko” və “San Paulo”nun şərəfini qoruyub. Qolkiper vaxtilə Braziliyanın U-20 və U-23 yığmalarında meydana çıxsa da, əsas millidə debüt etməyib.
Yeri gəlmişkən, Lion “Olimpik”inin 2023-cü ilin yanvarında məhz “Botafoqo”dan transfer etdiyi Jeffinyo da Braziliya klubuna icarəyə verilib. 24 yaşlı sol cinah vingeri 2024-cü ilin 31 dekabrına qədər icarədə olacaq.
Fransa klubuna 10 milyon avroya transfer edilmiş braziliyalı futbolçu bu komandada cəmi 21 oyuna çıxıb, 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. O, vaxtilə “Botafoqo”da keçirdiyi 26 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Jeffinyo “Resende” və “Qama”da da forma geyinib.


