Lukas Vaskes “Bayer”də – Rəsmi

Bu yay Madrid “Real”ından azad agent kimi ayrılmış sağ cinah müdafiəçisi Lukas Vaskes bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

34 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Lukas Vaskes futbola İspaniyanın “Ural” klubunda qədəm qoyub. Buradan 2007-ci ilin iyulunda “Real”a keçmiş Vaskes o vaxtdan bəri Madrid klubunun sistemində idi. Müdafiəçi “Real”ın əsas komandasına keçirilməmişdən öncə, bir müddət “Espanyol”da icarədə olub. 2015-ci ildə isə Vaskes “Real”a qayıdandan bəri “qaymaqlılar”ın uğurları üçün çalışırdı.

Geridə qalmış mövsümündə Lukas Vaskes “Real”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 2 qol vurub və 8 məhsudlar ötürmə verib. Vaskesin “Real”ın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 402 oyun, 38 qol, 73 məhsuldar ötürmə.

Lukas Vaskes 2016-cı ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

Lukas Vaskesin qənimətlər muzeyində 4 İspaniya La Liqası, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 3 FIFA Klub Dünya Kuboku və 1 FIFA Qitələrarası Kubok var.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: