Məhəmməd Bamba 5 milyon avroya Liqa 1 klubunda

Avstriyanın “Volfsberger” klubunun hücumçusu Məhəmməd Bamba bundan sonra Liqa 1 təmsilçisi “Loryan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Loryan” onun transferi üçün 5 milyon avrosundan keçib. Kot-d’İvuardan olan 22 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Məhəmməd Bamba 2023-cü ilin iyul ayından “Volfsberger”in formasını geyinirdi. O, cari mövsümdə Avstriya klubunun heyətində 17 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı forvardın transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

“Loryan” İsveçin digər klubu “Hammarbü”dən də müdafiəçi Nataniel Adjeyi heyətinə qatıb. Qanadan olan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Mərkəz müdafiəçisi olan Nataniel Adjey 2021-ci ildən “Hammarbü”də çıxış edir. O, daha öncə “Danbort”da da forma geyinib. Adjey “Hammarbü”nün əsas komandasında cəmi 32 oyuna çıxıb və 1 qola imza atıb. O, Qananın U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: