Lion “Olimpik”inin fransalı mərkəz yarımmüdafiəçisi Mahamadu Diavara bundan sonra “Havr”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçilərinin mətbuat xidmətləri məlumat yayıblar.
“Havr” 19 yaşlı futbolçunu cari mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, cari mövsüm başa çatandan sonra Diavara yenidən Lion “Olimpik”inin düşərgəsinə qayıdacaq. Onun bu klubla 2028-ci ilin 30 iyununadək müqavilə imzalanıb.
Mahamadu Diavara PSJ-nin yetirməsidir. O, Lion “Olimpik”inə 2023-cü ilin iyul ayında azad agent kimi qoşulub. Gənc yarımmüdafiəçi bu klubun əsas komandasında 16 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Diavara 2023-cü ilin noyabr ayından bəri Fransanın U-19 yığmasında forma geyinir.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


