Mahir Emreli 13 dəqiqə oynadı, “Nürnberq” uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 27-ci turu çərçivəsində baş tutmuş “Yan Regensburq”la matçın iştirakçısı olub.

Nürnberqlilər səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:2. 11-ci dəqiqədə hesabı açmış “Nürnberq” 47-ci və 55-ci dəqiqələrdə buraxdığı qollarla məğlub olub.

Son oyunlarda iştirak etməyən Mahir bu görüşdə iştirak hüququ qazanıb. O, 77-ci dəqiqədə meydana buraxılıb. Azərbaycanlı hücumçu komandasını məğlubiyyətdən xilas edə bilməyib.

“Nürnberq” 27 oyuna topladığı 41 xalla hazırda 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 12 qələbə qazandığı halda 5 heç-heçə edib, 10 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını aprelin 5-də evdə “Hamburq”a qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 18 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: