Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 30-cu tur çərçivəsində baş tutan “Riyeka” ilə matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi səfərdə əzmkar qələbəyə sevinib – 2:1. Mahir bu görüşün 57-ci dəqiqəsində meydana buraxılıb. 6-cı dəqiqədən məğlub durumda olan “Dinamo”nun bərabərlik qolunu da məhz Emreli vurub. 79-cu dəqiqədə rəqib qapısına yol tapan azərbaycanlı futbolçu Xorvatiya klubunda qol hesabı açınıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Bundan iki dəqiqə öncə isə komandası qələbə qolunu da vurmağa imkan tapıb.
Bu nəticədən sonra xalını 63-ə çatdıran “Dinamo” vahid liderdir.
Xatırladaq ki, Mahir Emreli bu qış fasiləsində Polşa “Legiya”sından “Dinamo”ya transfer olunub.


