Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 30-cu turu çərçivəsində baş tutmuş “Padrborn”la matçın iştirakçısı olub.
Nürnberqlilər doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar – 2:3.
Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu azərbaycanlı hücumçu vurub. O, 2-ci dəqiqədə matçda hesabı açıbsa, 90+2-ci dəqiqədə də yekun nəticəni müəyyənləşdirən qolu vurub.
“Nürnberq” 30 oyuna topladığı 44 xalla hazırda 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 5 heç-heçə edib, 12 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını aprelin 26-da səfərdə Düsseldorf “Fortuna”sına qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 21 rəsmi matça çıxıb, 7 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


