Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 29-cu turu çərçivəsində baş tutmuş “Kayzerlautern”lə matçın iştirakçısı olub.
Nürnberqlilər səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 2:1. 14-cü dəqiqədə hesabı açmış “Nürnberq” 68-ci dəqiqədə daha bir qol vurub. Meydan sahiblərinin yalnız 72-ci dəqiqədə penaltidən vurduqları təsəlli qoluna gücü çatıb.
Mahir bu görüşə start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Azərbaycanlı hücumçu komandasının ikinci qolunu vurmaqla bu qələbədə əsas pay sahiblərindən birinə çevrilib. Emreli qoldan cəmi 2 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
“Nürnberq” 29 oyuna topladığı 44 xalla hazırda 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 5 heç-heçə edib, 11 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını aprelin 19-da evdə “Paderborn”a qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 20 rəsmi matça çıxıb, 5 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


