Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubundan ayrılır.
Arena.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu “İnstagram”dakı səhifəsində paylaşım edib.
O, “Hər şey üçün təşəkkürlər, “Konyaspor” sözləri ilə Super Liqa təmsilçisinə vida edib.
Ötən gün Türkiyə Super Liqasında 2022/2203 mövsümünə yekun vurulub. Mahirli “Konyaspor” səfərdə “Beşiktaş”la qarşılaşıb. 3:3 hesabıyla bitən bu qarşılaşmada azərbaycanlı futbolçu da ikinci hissədə meydanda olub və bir qol vurmaqla özündən söz etdirib.
Xatırladaq ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur. O, Türkiyə klubuna bu ilin fevralında icarə əsasında keçmişdi. Mövsümün sonuna qədər nəzərdə tutulmuş icarə müqaviləsində satınalma şərti yox idi. Mahirin Xorvatiya nəhəngi ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir.
Mahir fevraldan oynadığı “Konyaspor”da cəmi 12 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 3 sarı vərəqə ilə cəzalanıb.
Emreli 2022-ci ilin fevral ayından “Dinamo”da çıxış edir. O, geridə qalan mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub. Bütövlükdə isə o, Xorvatiya klubunda 23 oyun keçirib, 5 qola imza atıb.
“Bakı”nın yetirməsi olan, uzun illər “Qarabağ”da forma geyinmiş Mahir, “Dinamo”dan öncə Polşanın “Legiya” (Varşava) klubunda da legioner həyatı yaşayıb. O, Azərbaycan milli komandasında da 39 oyuna çıxıb və 5 qola imza atıb.