Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində ilk çempionat oyununa çıxıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Polşa çempionatının 2026/2027-ci illər mövsümünün ilk turu çərçivəsində bu gün “Visla” (Plok) ilə qarşılaşmanın iştirakçısı olub.
“Rakuv” doğma meydanda baştutmuş görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Mahir bu görüşə start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
Xatırladaq ki, “Rakuv” Mahiri bir neçə gün öncə Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 2 oyuna çıxıb, 1 qola imza atıb.
Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


