“Konyaspor”un hücumçusu Mahir Emreli Super Liqanın 26-cı turunda “Qalatasaray”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan futbolçu yerli mətbuatına açıqlamasında qarşılaşmaya hazır olduqlarını bildirib.
25 yaşlı hücumçu İstanbul təmsilçisinin ardıcıl 14 matçlıq qələbə seriyasının onları qorxutmadığını vurğulayıb:
“Bütün komanda oyuna köklənib. Rəqibimizi tanıyırıq. Çempionatda birinci yerdədilər və yaxşı futbol oynayırlar. Uğurlu seriya yaxalayıblar. Görüşə taktiki məşqlərlə hazırlaşdıq. Ümid edirəm ki, “Qalatasaray”ın 14 oyunluq qələbə seriyasına Konyada son qoya biləcəyik”.
Xatırladaq ki, martın 17-də keçiriləcək “Konyaspor” – “Qalatasaray” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Mahir “Konyaspor”a uyğunlaşması barədə suala isə belə cavab verib: “Türkiyə yad ölkə olmadığı üçün bura uyğunlaşmaqda problem yaşamadım. 3-4 həftədir ki, Türkiyədəyəm. Düzdür, gələcəyimlə bağlı danışmaq üçün hələ çox tezdir. Ancaq buradakı istiqanlılığı hiss etdim, gözəl atmosfer içinə düşdüm. İnsanlarla dərhal qaynayıb-qarışa bildim. Əlbəttə ki, işin futbol tərəfi daha önəmlidir. Hər şey yaxşı olarsa, burada qalmaqla bağlı mövsümün sonunda daha rahat danışa bilərik”.
Emreli hansı mövqedə özünü daha rahat hiss etməsi ilə bağlı sualı da cavablandırıb: “Bəzən sağ cinahda, bəzən də hücumun mərkəzində rahat oluram. Əsas mövqeyim hücumdur. Amma baş məşqçinin məni necə gördüyü daha önəmlidir. “Girəsunspor”la görüşdə sağ cinahda çıxış etmişdim. Bu, baş məşqçinin qərarıdır. Mənə hansı mövqedə şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Əsas odur ki, özümdən çox, komandanın xeyrinə olsun”.
Müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Mahir Emreli “Konyaspor”da icarə əsasında forma geyinir. Türkiyə klubu yayda onun transfer hüquqlarını da almağı düşünür. Azərbaycanlı futbolçu hələlik Super Liqa təmsilçisində cəmi 1 oyun keçirib.


