Mahir Emreli “Rakuv”da debüt etdi, qol vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində debüt etdiyi oyunda qol vurub.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları Malta təmsilçisi “Valletta” ilə oyunda fərqlənib.

Mahir bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 53-cü dəqiqədə vurduğu qolla hesabı 1:1 edib. Qarşılaşma “Rakuv”un 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab görüşü gələn həftə Maltada keçiriləcək.

Xatırladaq ki, “Rakuv” Mahiri bir neçə gün öncə Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: