Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 31-ci turu çərçivəsində baş tutmuş Düsseldord “Fortuna”sı ilə matçın iştirakçısı olub.
Nürnberqlilər səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıblar – 3:3. Futbolçumuzun komandası 68-ci dəqiqəyə kimi 3:0 öndə olduğu qarşılaşmada 10 dəqiqə ərzində 3 qol buraxaraq qələbəni əldən verib.
Mahir bu görüşə start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu azərbaycanlı hücumçu vurub. O, 45+4-cü dəqiqədə rəqib qapıçı ilə dueldən qalib ayrılıb.
“Nürnberq” 31 oyuna topladığı 45 xalla hazırda 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 6 heç-heçə edib, 12 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını mayın 4-də evdə “Elversberq”ə qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 22 rəsmi matça çıxıb, 8 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


