Alman hücumçu Maks Kruze futbolçu karyerasına xitam vermək qərarına gəlib və bu barədə özünün “Instagram” sosial şəbəkəsində canlı bildirib.
Arena.az məlumat verir ki, 35 yaşlı veteran futbolçunun bu addımı gözlənilməz təsir bağışlamayıb.
Aldığı zədə mənzərəsində son vaxtlar oyun təcrübəsində yaranmış boşluqlar Kruzenin müvafiq addım atacağını təxmin etməyə əvvəlcədən əsas verirdi.
Kruze yeniyətməliyi dövründə “Raynbek”, “Fir und Marşlande” və “Verder” futbol məktəblərində çıxış edib və buradan 2006-cı ildə “Verder”in əsas komandasına düşə bilib. Ardınca Kruze “Sankt-Pauli”, “Frayburq”, “Borussiya” (Mönxenqladbax), “Volfsburq”, “Verder”, “Fənərbaxça”, “Union Berlin” klubları olmaqla, uzun bir futbol yolu keçib. 2022-ci ildə Kruze “Volfsburq”a qayıdıb, buradan isə cari mövsümdə 2-ci Bundesliqa təmsilçisi “Paderborn”a keçib.
Cari mövsümdə “Paderborn”nun heyətində cəmi 5 oyunda iştirak etmiş Kruze 1 məhsuldar ötürmə ilə fərqlənib.
Futbolçu karyerası ərzində Kruze böyük futbolda cəmi 1 qənimət qazanıb. O, 2015/2016 mövsümündə Almaniya Super Kubokunun qalibi olub.
Maks Kruze 2014-cü ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna 4 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.


