Maks Kruze klubsuz qaldı

Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Maks Kruze “Volfsburq” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 34 yaşlı futbolçuya təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Xatırladaq ki, Maks Kruze 2022-ci ilin yanvar ayında “Volfsburq”la ilyarımlıq müqaviləyə imza atmışdı. Amma o, mövsümün sonunu gözləmədən bu klubdan ayrılmağa qərar verib.

Kruze 2015-2016-cı illərdə də “Volfsburq”da oynayıb. O, bu komandanın heyətində bütövlükdə 62 oyuna çıxıb, 16 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli forvard karyerası ərzində “Sankt Pauli”, “Verder”, “Borussiya” (Mönhenqladbax), “Verder”, “Union Berlin”, “Frayburq” və “Fənərbaxça”da da forma geyinib. O, Almaniya yığmasında 14 oyuna çıxıb, cəmi 4 qola imza atıb.