Malik Fofana “Gent”ə 17 milyon avro qazandırdı

Belçikanın “Gent” klubunun sağ cinah vingeri Malik Fofana bundan sonra Lion “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 18 yaşlı futbolçu 4,5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Lion “Olimpik”i onun transferi üçün “Gent”ə 17 milyon avro ödəyib.

Malik Fofana “Gent”in öz yetirməsidir. O, 2022-ci ilin yayından Belçika klubunun əsas komandasında forma geyinirdi. Gənc vinger bu komandada 64 oyuna çıxıb, 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Hazırda Belçikanın U-21 yığmasının formasını geyinən Fofana U-20, U-18, U-17 və U-15-də də oynayıb. İstedadlı futbolçunun tezliklə Belçikanın əsas yığmasında da oynaması gözlənilir.

Yeri gəlmişkən, Lion “Olimpik”i təcrübəli qapıçısı Remi Riu ilə yollarını ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 36 yaşlı qolkiper aşağı liqa təmsilçisi “Paris”ə keçib. O, yeni klubu ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.

Remi Riu yetirməsi olduğu Lion “Olimpik”inə 2022-ci ilin iyul ayında qayıtmışdı. O, karyerasının ilk illərində də formasını geyindiyi bu komandada bütövlükdə 11 matç keçirib, 14 qol buraxıb. Cəmi 3 “quru” oyunu olan fransız qapıçı, ölkəsində “Nant”, “Kan”, “Oser”, “Loryan” və “Tuluza”nın da formasını geyinib. O, Belçikada “Şarlerua”, Türkiyədə “Alanyaspor” kimi klublarda da çıxış edib, Fransanın aşağı yaş qrupları üzrə yığmalarının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: