Malo Qusto 35 milyon avro qarşılığında “Çelsi”də!

21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının sağ cinah müdafiəçisi Malo Qusto Lion “Olimpik”indən ayrılıb. Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu İngiltərənin “Çelsi” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. London təmsilçisi yeni oyunçusu ilə müddəti 2030-cu ilin 30 iyununa qədər olan müqavilə bağlayıb. Amma Qusto bu mövsümün sonunadək Lion “Olimpik”ində icarə əsasında oynamağa davam edəcək. O, “Çelsi”yə 2023-cü ilin yayında qoşulacaq.

“Çelsi” bu transfer üçün Fransa klubuna 30 milyon avro ödəyib. Əlavə bonuslarla “Olimpik”in bütövlükdə 35 milyon avro qazanması nəzərdə tutulub.

Malo Qusto Lion “Olimpik”inin öz yetirməsidir. O, 2021-ci ildən formasını geyindiyi əsas komandada 54 oyuna çıxıb, 6 məhsuldar ötürmə müəllifi olub. Fransanın U-16, U-17 və U-19 yığmalarında da oynamış futbolçu, hazırda U-21-in şərəfini qoruyur. O, gənclərdən ibarət yığmada 7 oyuna 1 qol da vurub.

Lion “Olimpik”i yarımmüdafiəçiləri Kamilo ilə Romeyn Favrı da icarəyə göndərib. Kamilo Belçikanın “Molenbek”, Favr isə Fransanın digər klubu “Loryan”a icarəyə verilib. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaqlar. “Loryan” Favrın 6 aylıq icarəsi üçün “Olimpik”ə 1 milyon avro ödəyəcək. Belçika klubu ilə anlaşmanın detalları isə açıqlanmır.

Tam adı Kamilo Reycers de Oliveyra olan braziliyalı yarımmüdafiəçi 2020-ci ilin yanvar ayında 2 milyon avro qarşılığında “Ponte Preta”dan transfer olunub. 23 yaşlı futbolçu Lion klubunun daha çox əvəzedici komandasında forma geyinib və əsas komandada debüt şansı qazanmayıb. Bu üzdən də o, 2021-ci ilin martından 2022-ci ilin dekabrına qədər Braziliyanın “Kuyaba” klubunda icarədə olub. Hansı ki, bu komandada 67 oyunda 1 qol vurub.

Romeyn Favr isə “Tur”un yetirməsidir. O, “Monako” və “Brest”də də oynayıb. Fransadan olan 24 yaşlı futbolçu 2022-ci ilin yanvarında 15 milyon avro qarşılığında transfer edildiyi Lion klubunda 28 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransanın gənclərdən ibarət yığmasında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: