Mamadu Sanqare – “Brentford” tarixinin ən bahalı transferi!

İngiltərənin “Brentford” klubu Fransanın “Lans” komandasında çıxış edən malili mərkəz yarımmüdafiəçisi Mamadu Sanqare ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçunun transferi üçün “Lans”a 48 milyon avro ödənilib. Bu, “Brentford”un tarixində rekord məbləğdir. Beləliklə, Sanqare “Brentford” tarixinin ən bahalı transferinə çevrilib.

Malili futbolçu yeni klubu ilə 5+1 illik müqavilə bağlayıb.

Mamadu Sanqare peşəkar futbolçu karyerasına Avstriyanın “Zalsburq” klubunda başlayıb. O, “Liferinq”, “Qreyzer”, “Sulte Varegem”, “Hartberq”, “Rapid” kimi klublarda da çıxış edib. Sanqare “Lans”a 2025-ci ilin avqustunda Avstriyanın “Rapid” klubundan 13 milyon avro müqabilində keçmişdi. 2025/26 mövsümündə malili futbolçu Fransa komandasının əsas heyətinin dəyişməz üzvlərindən biri olub. O, bütün turnirlərdə 33 rəsmi matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Sanqare 2024-cü ildə debüt etdiyi Mali yığmasının heyətində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: