Fransanın “Strasburq” klubu heyətini 3 yeni futbolçu – Mamadu Sarr, Seku Mara və Sebastyan Nanasi ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Mamadu Sarr Lion “Olimpik”indən 10 milyon avroya transfer olunub. Əslən Seneqaldan olan fransalı 18 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
“Lans”ın yetirməsi olan Sarr, 2018-ci ildən Lion “Olimpik”inin sıralarında idi. O, bu klubun əsas komandasında 3 oyun keçirib. Mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında “Molenbek”də keçirib.

Sebastyan Nanasi İsveçin “Malmö” klubundan 11 milyon avroya transfer olunub. 22 yaşlı yarımmüdafiəçi ilə də 5 illik müqavilə imzalanıb.
Nanasi İsveçin “Kristianstad” klubunun yetirməsidir. 2018-ci ildən “Malmö”də olan futbolçu “Varberqs” və “Kalmar”da icarədə də çıxış edib. “Malmö”nün əsas komandasında 94 oyun keçirmiş futbolçu 26 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.
İsveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Nanasi, 2023-cü ilin yanvarından əsas millidə çıxış edir. O, yığmanın heyətində meydana çıxdığı 3 oyunda 1 qol vurub.

Seku Mara isə İngiltərənin “Sauthempton” klubundan “Strasburq”a keçib. Liqa 1 təmsilçisi bu transfer üçün 12 milyon avrosundan keçib. Əslən Seneqaldan olan fransalı 22 yaşlı mərkəz hücumçusu ilə 5 illik sözləşmə imzalanıb.
Seku Mara futbola PSJ-nin futbol akademiyasında, peşəkar karyerasına isə “Bordo”da başlayıb. “Sauthempton” mərkəz hücumçusunu 2022-ci ilin iyul ayında 11,5 milyon avro müqabilində heyətinə qatmışdı. O, İngiltərə klubunun heyətində 64 oyuna 8 qol vurub, 5 assistlə yadda qalıb. Seku Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.



