İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Kevin de Breyne ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
De Breyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. O, həmin vaxt Almaniyanın “Volfsburq” klubundan transfer edilmişdi. Yarımmüdafiəçi bu mövsüm müxtəlif turnirlər çərçivəsində meydana çıxdığı 33 oyunda 8 qola imza atıb, 16 məhsuldar ötürmə müəllifi olub.
Belçika yığmasının da üzvü olan Kevin de Breyne indiyə qədər “Mançester Siti”də 253 oyun keçirib, 64 qol vurub.
Yarımmüdafiəçi Mançester təmsilçisinin heyətində iki dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İngiltərə Super Kubokunun, bir dəfə İngiltərə Kubokunun, dörd dəfə də İngiltərə Liqa Kubokunun qalibi olub.
De Breyne əvvəllər formasını geyindiyi “Genk”lə də üç dəfə Belçika çempionu olub, Belçika Kubokunu və Super Kubokunu qazanıb. O, “Volfsburq”la da Almaniya Kuboku ilə Super Kubokuna sahib çıxıb.
Belçika yığmasının üzvü “Mançester Siti” ilə yeni müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına açıqlama da verib: “2015-ci ildə bu kluba qatılandan bəri özümü evimdə hiss edirəm. Azarkeşlərimizi sevirəm. Ailəm də buraya yerləşib. Bura gələndən sonra oyunumda da inkişaf oldu. “Mançester Siti” performansımı ən üst səviyyəyə çıxarmaq üçün ehtiyacım olan hər şeyi mənə verir. Bu üzdən yeni müqaviləni imzalamaq asan bir qərar oldu. Karyeramın ən yaxşı futbolunu sərgiləyirəm. Bundan da yaxşısına nail ola biləcəyimi düşünürəm. Baş məşqçi Xosep Qvardiola ilə də əla münasibətlərimiz var. Hədəflərimiz bir-birinə uyğun gəlri və eyni şeyləri istəyirik. Bu da mənim üçün çox önəmlidir”.


