“Mançester Siti”də Con Stounz da sıradan çıxdı

Futbol üzrə İngiltərə milli komandasının və “Mançester Siti” klubunun mərkəz müdafiəçisi Con Stounz sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan “Everton”la səfər matçında zədələnib. Ayağında ağrılar hiss edən futbolçu ilk yarının sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Stounzun zədəsinin nə dərəcədə ciddi olduğuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, ingilis müdafiəçi bu mövsümün əvvəlində də zədə səbəbindən xeyli matç buraxmaq məcburiyyətində qalmışdı. O, bu cari mövsümdə bütün turnirlər çərçivəsində cəmi 13 oyuna çıxıb.

Con Stounz peşəkar karyerasına yetirməsi olduğu “Barnsli”də bşalayıb. O, 2013-2016-cı illər aralığında “Everton”un uğurları üçün çalışıb. İngilis futbolçu 2016-cı ilin avqustundan “Mançester Siti”də çıxış edir. Mərkəz müdafiəçisi indiyə qədər “şəhərlilər”in heyətində 242 matça çıxıb, 15 qola imza atıb, 5 məhsuldar ötürmə müəllifi olub. Onun bu klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Stounz həm də İngiltərə milli komandasının formasını geyinir. Təcrübəli müdafiəçi yığmada 69 oyun keçirib, 3 qola imza atıb.

Sonda onu da qeyd edək ki, “Mançester Siti”də hazırda Stunzdan başqa da xeyli zədəli futbolçu var. Belə ki, Xosep Qvardiolanın çalışdırdığı komandada Kevin De Bröyne, Jeremi Doku, Erlinq Haland da zədədən əziyyət çəkirlər.

“Mançester Siti” ötən gecə baş tutan “Everton”la səfər matçından 3:1 hesablı əzmkar qələbə ilə ayrılıb. “Şəhərlilər” Premyer Liqanın ilk dövrəsi ərzində keçirdikləri 18 oyundan sonra 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: