“Mançester Yunayted” 2024-cü ildə komandanın kamerunlu əsas qapıçısı Andre Onananın xidmətindən 1 ay istifadə edə bilməyəcək.
Arena.az məlumat verir ki, Onana 2024-cü ildə Afrika Millətlər Kubokunda iştirak etmək üçün Kamerun yığmasına çağırılıb.
Bu barədə Kamerun Futbol Federasiyasının (FECAFOOT) mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, turnir yanvarın 13-dən fevralın 11-dək Kot-d’İvuarda keçiriləcək. Beləliklə, “qırmızı şeytanlar” bir aya yaxın müddətdə əsas qapıçısına arxalana bilməyəcəklər. Türk qapıçı Altay Bayındır böyük ehtimalla mankunianlıların qapısını qorumaq üçün Onananın yerini tutacaq. Vurğulayaq ki, Bayandır “Mançester Yunayted”in heyətində hələ bir dəfə də olsun rəsmi oyun keçirməyib.
Andre Onana Samuel Eto’O akademiyasının yetirməsidir. Ardınca kamerunlu qapıçı “Barselona” akademiyasına keçib. Buradan “Ayaks”a yol tapmış Onana oyunu ilə diqqət çəkib və “İnter”in maraq dairəsinə düşərək “neradzurri”nin heyətinə transfer edilib. Kamerunlu qapıçı 2022/2023 mövsümündə “İnter”də yüksək səviyyədə çıxışı ilə diqqət çəkib.
“Mançester Yunayted” ispan qapıçı David De Xea ilə yollarını ayırmaq qərarına gəlincə, Andre Onananın transferinə çalışıb. “Qırmızı şeytanlar” cari ilin iyulunda buna nail ola biliblər və Onana 50,2 milyon avro müqabilindən “İnter”dən Mançester klubuna keçib. Kamerunlu qapıçı bu klubla müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədə olacaq müqavilə imzalayıb.
Ancaq Onananın mövsümün ilk yarısında “qırmızı şeytanlar”ın heyətində çıxışı uğurlu alınmayıb, belə ki, sabit oyunu ilə seçilən kamerunlu qapıçı mütəxəsssislərin rəyincə, çox qətiyyətsiz təsir bağışlayıb. Tədricən Onana əvvəlki formasını yığmağa başlayıb.
Onana cari mövsümdə 27 oyuna çıxıb, 43 qol “yeyib”, 8 oyundan “quru” qurtulub.
Onana böyük futbolda “Ayaks” və “İnter”lə qənimətlər qazanıb. Kamerunlu qapıçı “Ayaks”la 3 dəfə Niderland çempinluğuna, 2 dəfə Niderland Kubokuna, 1 dəfə Niderland Super Kubokuna sahib olub. “İnter”lə isə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi, həmçinin ötən mövsüm Çempionlar Liqasının finalçısı olub.
Onana 2016-cı ilin sentyabrında debüt etdiyi Kamerun yığmasında 37 oyun keçirib, 30 qol buraxıb, 16 oyunda qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı kamerunlu qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


