Manuel Noyer 2024-cü ilə qədər “Bayern”də!

Almaniyanın “Bayern” klubunun qapıçısı Manuel Noyer Bundesliqa təmsilçisi ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Onun əvvəlki sözləşməsinin müddəti bu yay başa çatırdı.

Manuel Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. 36 yaşlı futbolçu 2017-ci ildən komandanın kapitanıdır.

Noyer 2021/22 mövsümündə Almaniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, qapısından 36 top buraxıb.

O, “Bayern”lə 10 Almaniya çempionluğu, 5 Almaniya kuboku qazanıb və 6 dəfə Almaniya Super Kubokunun qalibi olub. Noyer həmçinin, iki dəfə Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının və UEFA Super Kubokunun qalibi adını qazanıb.

“Şalke”nin yetirməsi olan Noyer 2011-ci ilin yayında 30 milyon avro qarşılığında indiki klubuna transfer olunmuşdu. O, kapitanı olduğu Almaniya yığmasında 109 oyun keçirib. Qolkiper 2011 və 2014-cü illərdə ölkəsində ilin yaxşı futbolçusu da seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: