Manuel Noyer 351 gün sonra “Bayern”in əsas heyətində!

“Bayern”in və Almaniya yığmasının əsas qapıçısı Manuel Noyer ötən ilin noyabrında aldığı ağır sınıq zədəsindən sonra sıraya dönüb.

Arena.az məlumat verir ki, Noyer Bundesliqanın 9-cu turu çərçivəsində “Bayern”in Münhendə “Darmştadt”ı qəbul etdyi oyunda uzun müddətdən sonra ilk dəfə çərçivədə dayanıb və münhenlilərin möhtəşəm qələbəsinə töhfəsini verib. Noyerin qayıdışı həqiqən möhtəşəm olub, “Bayern” “Darmştadt”ı darmadağın edib – 8:0. Noyer bütün oyunu çərçivəsini qoruyub.

Xatırladaq ki, Manuel Noyer 2022-ci ilin noyabrından bəri yaşıl meydanlara həsrət idi. Almaniya yığması Qətərdə 2022-ci ildə keçirilmiş dünya çempionatında uğursuz çıxışını başa vurduqdan sonra, qapıçı dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırmışdı. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuşdu. Oktyabrın əvvələrində təcrübəli qapıçı məşqlərini bərpa etmişdi.

Noyer “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Qapıçının münhenlilərlə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Ümumilikdə Noyer “Bayern”in heyətində 489 oyuna çıxıb, 384 qol buraxıb, 234 oyunda qapısının toxunulmazlığını təmin edib. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.

“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı Manuel Noyeri 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: