Almaniya nəhəngi “Bayern”in alman qapıçısı, veteran Manuel Noyer Münhen təmsilçisinin heyətində 500-cü oyununu keçirib.
Arena.az məlumat verir ki, onun yubileyi Almaniya çempionatının 17-ci turunun “Hoffenhaym”la ev oyununa təsadüf edib.
Komandalar Münhendəki (Almaniya) “Alyans Arena”da üz-üzə gəliblər. Noyer meydana start heyətində çıxıb və yubiley matçını qol buraxmadan başa vurub.
“Bayern”dəki matçların sayına görə Noyer Bastian Şvaynştaygerə çatıb. Bu minillikdə yalnız Tomas Müller (685) və Filip Lam (517) Münhen klubunun heyətində daha çox oyun keçirib.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Ümumilikdə Noyer “Bayern”in heyətində 500 oyuna çıxıb, 395 qol buraxıb, 240 oyunda qapısının toxunulmazlığını təmin edib. Yetirməsi olduğu “Şalke”də isə Noyerin statistikası belədir: 203 oyun, 194 buraxşılmış qol, 80 “quru” oyun. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.
“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı Manuel Noyeri 5 milyon avro məbləğində qiymətləndirir.


